Xəbər

“Dünəndən sabaha Lerik: Şəhər mühiti və ekoloji gələcək” mövzusunda tədbir keçirilib

"Şəhərsalma və Memarlıq İli" və Dünya Şəhərlər Günü münasibətilə keçirilən elmi-praktik tədbirdə Lerikin şəhər mühiti, ekoloji gələcəyi, tarixi irsin qorunması və abadlıq məsələləri geniş müzakirə olunub.

Məlumat

“Dünəndən sabaha Lerik: Şəhər mühiti və ekoloji gələcək” mövzusunda tədbir keçirilib

30 oktyabr 2026-cı il tarixində Lerik rayon Heydər Əliyev Mərkəzində Lerik Bələdiyyələrinin Əlaqələndirmə şurası və Lerik rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” və 31 Oktyabr – Dünya Şəhərlər Günü münasibətilə “Dünəndən sabaha Lerik: Şəhər mühiti və ekoloji gələcək” mövzusunda elmi-praktik və hesabat xarakterli tədbir keçirilib.

Tədbirdə bələdiyyə üzvləri, ictimaiyyət nümayəndələri, mədəniyyət müəssisələrinin əməkdaşları və rayon gəncləri iştirak ediblər.

Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqində bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycan xalqının milli birliyinin, dövlətimizin gücünün və ordumuzun qəhrəmanlığının təcəssümüdür. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri şəhərsalma, memarlıq və dayanıqlı inkişaf baxımından yeni mərhələnin əsasını qoyur.

Daha sonra iştirakçılara Lerik şəhərinin təbii gözəlliklərini, tarixi-mədəni irsini və müasir simasını əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Şingədulan kənd Bələdiyyəsinin sədri Elmir Əliyev rayonun abadlaşdırılması, yerli infrastrukturun inkişafı, ictimai məkanların vəziyyəti və şəhər mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs edib. O, şəhərin inkişafında yerli özünüidarəetmə orqanlarının, aidiyyəti qurumların və ictimaiyyətin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Lerik rayon Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Bahar Mürsəliyeva çıxışında şəhərlərin inkişafının yalnız infrastruktur və tikinti işləri ilə məhdudlaşmadığını, tarixi-mədəni irsin qorunması, ekoloji tarazlığın təmin edilməsi və ictimai məsuliyyətin artırılmasının da bu prosesin mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

O, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin, milli-mənəvi dəyərlərin təbliği istiqamətində Heydər Əliyev Mərkəzlərinin rolundan danışaraq, şəhərin tarixi simasının qorunması, yaşıllıq sahələrinə qayğı, tullantıların düzgün idarə olunması və ekoloji maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini qeyd edib. Həmçinin gənclərin ekoloji təşəbbüslərə və şəhərin inkişafına yönəlmiş ictimai fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.

Lerik Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin əməkdaşı Kənan Baxşıyev çıxışında şəhərin sosial-iqtisadi inkişafı, memarlıq simasının qorunması, şəhərsalma prinsiplərinə əməl olunması və müasir yaşayış mühitinin formalaşdırılması məsələlərinə toxunub. O, şəhərsalma prosesində ərazinin təbii-coğrafi xüsusiyyətlərinin, ekoloji amillərin və sakinlərin ehtiyaclarının nəzərə alınmasının vacibliyini bildirib. Küçə və ictimai məkanların abadlaşdırılması, yaşıllıq sahələrinin qorunması, mühəndis-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi və şəhərsalma mədəniyyətinin yüksəldilməsinin dayanıqlı inkişaf baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Milli Məclisinin əməkdaşı Pərviz Ağaxanlı isə çıxışında Lerik rayonunun zəngin tarixi-arxeoloji irsindən, xüsusilə qədim insan məskənlərindən biri olan Buzeyir mağarasının əhəmiyyətindən bəhs edib. Mağaranın bölgənin qədim tarixinin, ilkin insan məskənlərinin və arxeoloji irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edərək, burada aparılan işlər barədə məlumat verib. O, belə tarixi məkanların tədqiqinin, qorunmasının və tanıdılmasının həm elmi, həm də mədəni baxımdan vacibliyini vurğulayıb.

Tədbirdə qeyd olunub ki, Lerikin gələcək inkişafı şəhərin tarixi-mədəni özünəməxsusluğunun qorunması, təbii sərvətlərindən səmərəli istifadə, ekoloji təhlükəsizliyin təmin olunması və müasir şəhərsalma yanaşmalarının tətbiqi ilə sıx bağlıdır.

Çıxışlarda şəhərin sanitar təmizliyinin və abadlığının davamlı təmin edilməsi, mövcud yaşıllıq sahələrinin qorunması və genişləndirilməsi, tullantıların idarə olunmasının təkmilləşdirilməsi, ictimai məkanların əlçatanlığının artırılması, tarixi abidələrin mühafizəsi və əhali arasında ekoloji mədəniyyətin formalaşdırılması əsas tövsiyə istiqamətləri kimi diqqətə çatdırılıb.

Tədbirin yekununda vurğulanıb ki, şəhərin dayanıqlı inkişafı yalnız aidiyyəti qurumların deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir. Lerikin dünənindən miras qalan tarixi və mədəni dəyərlərin qorunması, bu gününün müasir tələblərə uyğun inkişaf etdirilməsi və gələcək nəsillərə daha sağlam, abad və ekoloji cəhətdən əlverişli şəhər mühitinin ötürülməsi hər kəsin qarşısında duran mühüm vəzifədir.

1 / 8
← Bütün xəbərlərə qayıt Çap et / PDF saxla