Xəbər

Ədliyyə Nazirliyindən bələdiyyələrə xəbərdarlıq: Saxta zənglər və ödəniş tələblərinə inanmayın

Son dövrlərdə özünü Ədliyyə Nazirliyinin əməkdaşı kimi təqdim edən dələduzlar bələdiyyə üzvlərinə zəng edərək müxtəlif adlar altında pul tələb edirlər. Nazirlik bu cür qanunsuz tələblərin əsassız olduğunu bildirərək vəzifəli şəxsləri diqqətli olmağa çağırır.

Məlumat

Son dövrlərdə özlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin struktur qurumlarının əməkdaşı kimi təqdim edən şəxslərin bələdiyyə üzvlərinə zəng edərək müxtəlif adlar altında ödənişlər tələb etməsi hallarına rast gəlinir.  

Bildiririk ki, Ədliyyə Nazirliyinin bələdiyyələrlə bağlı fəaliyyəti onların işinin təşkilinə kömək etmək, metodoloji yardım göstərmək və inzibati nəzarəti həyata keçirməkdən ibarətdir. 

Bu sahədə fəaliyyətlə bağlı Nazirliyə dövlət rüsumunun və ya hər hansı digər adda vəsaitin ödənilməsi nəzərdə tutulmayıb və bələdiyyələrə belə tələblər irəli sürülmür. 

Bələdiyyələrin vəzifəli şəxslərinə diqqətli olmaq, şübhəli zənglərə və mesajlara, eləcə də digər üsulla irəli sürülən bu cür qanunsuz ödəniş tələblərinə inanmamaq tövsiyə olunur.

1 / 1
← Bütün xəbərlərə qayıt Çap et / PDF saxla